понедельник, 1 марта 2010 г.

Zərdüşt belə deyib

Zərdüşt yenə öz mağarasından çıxıb yola düşdü. O, çox qocalmışdı. Cığırla aşağı düşəndə qarşısına cılız bir kişi çixdı. Dedi:
- Salam, Zərdüşt, bu qoca vaxtında nə axtarırsan?
- Bəli, sən haqlısan, balaca insan. Mən bir uşaq tanıyırdım, qeyri-adi bir uşaq, onun barəsində çoxdandır ki heç nə eşitmirəm, yoxsa o, bu sadə məkanı vaxtından əvvəl tərk edib?
- Uşaqmı? Sən indiyə qədər uşaqlar haqqında heç nə deməmisən. Bu məmləkət çox dəyişib, Zərdüşt, olmaya bu qoca vaxtında...
- Haqlısan, bu məmləkət çox dəyişib, dəyişməyən bircə bu cığırlardır.
- O ki qaldı sənin axtardığına, mən onu görmüşəm, amma o uşaq, deyəsən böyüyüb və çoxdandır ki, öz məkanında yaşayır. Biz balaca insanlar onu görə bilmirik. Mənim belə şeylərdən başım çıxmır, amma bir neçə il bundan qabaq onun, bax bu yolla getdiyini gördüm - "balaca insan" əlini şimala doğru gedən yola uzadır.
- Sən əminsən ki, o, bu yolla gedıb və o məhz həmən uşaqdır? - deyə Zərdüşt soruşur.
- Əlbəttə əminəm, mən onu dərhal tanıdım, onun alnı istidən qızarmışdı.
- Həə, deyəsən, yanılmamısan. Mən mütləq onu tapmalıyam, ona son vəsiyyətimi çatdırmalıyam, deyəsən, o, öz məkanında lazım olandan da çox qalıb.
"Balaca insan" kinayəli nəzərlərlə Zərdüştə baxır:
- Olmaya kütlənin ona ehtiyacı var? Sən ona ümid bəsləmə, o, indi sənin tanıdığın güclü və pak uşaq deyil. Son vəsiyyət üçün heç də yaxşı seçim etməmisən.
- Əgər o, ölməyibsə, yox, ola bilməz - deyərək Zərdüşt üzünü şimala döndərib yola düşür.
- Sən çox qocalmısan, Zərdüşt, o uşaq çox uzağa gedib, bəlkə də sağ deyil, onu axtarmağa sənin ömrün çatmaz.
Zərdüşt bir göz qırpımında yolu qət edir, yolun sonunda onun qarşısında çox böyük kürəyə oxşayan bir cisim peyda olur. O, qolundakı saata baxıb silkələyir , sonra isə onu qulağına söykəyir, "düz gəlmişəm"deyərək bir neçə addım atır və kürəyə bənzər cismin içərisində yoxa çıxır. Burada o arxası ona çevrilmiş yetkin bir oğlana rast gəlir, arxadan ona yaxınlaşıb ovcunu onun alnına toxundurur.
- Siz həkimsiz? - oğlan təəccüblə soruşur.
- Demək olar ki hə.
- Ancaq libasınızdan və əlinizdəki güzgüdən daha çox fakirə bənzəyirsiniz.
- Hə elə bu güzgünü sənin üçün gətirmişəm, - deyərək Zərdüşt güzgünü dəyirmi stolun üstünə qoyur.
Oğlan nəzakətlə danışmağa çalışır:
- Mənim güzgüyə ehtiyacım yoxdur, görün burada nə qədər güzgü var, hamısının da səthi düz, dəstəyi isə hamar. Daha bunun kimi tutqun və əyri, kələ-kötür dəstəkli güzgü mənim nəyimə lazımdır? Mən öz məkanımdayam və özümü burada çox yaxşı hiss edirəm. Görün ətrafdakı insanlar necə gülərüzdürlər.
- Məsələ də elə bu məkandadır. Burda hər şey təhrif olunur. Heç inana bilmirəm ki, bu insanlar sənin xoşuna gəlir, çünki onlar sənin ətrafında deyil, sən onların mühasirəsindəsən. Sənin içində oturduğun bu sfera heç də düşündüyün qədər möhkəm deyil, o, sabun köpüyü qədər kövrəkdir və hər an partlaya bilər. Sən bir bu sifətlərə bax, onlar sənə uşaqlığını xatırlatmır ki? Bunlar həmən günaha batmış uşaqlar deyillərmi?
- Günaha batmış uşaqlar? Məgər bizə öyrətmirlər ki uşaqlar sadəlövh, günahsız və pak olurlar?
- Sən uşaqlıqda heç də sadəlövh olmamısan, oğlan. Uşaqlar pak və günahsız olur deyənlər, yanılırlar. Bütün günahlar elə uşaqlıqda başlayır. Kimin xeyirə, kimin isə şərə qulluq edəcəyi uşaqlıqda bəlli olur. İkinciləri sən "pis uşaqlar" adlandırardın. Bu pis uşaqlar həmişə sənə paxıllıq ediblər, ancaq güclü olduğun üçün səninlə barışıblar. Həmişə sənə oxşamağa çalışıblar, səni yamsılayıblar, onlar sənə hörmət ediblər, nəsə oğurlamağa cürət etməyiblər. Rüsvay olmaqdan qorxublar, utanıblar. Sən onlar üçün əlçatmaz və eqoist olmusan, bu pis usaqlara yuxarıdan aşağı baxmısan. Hesab etmisən ki, onlar necə deyərlər, yanından yel olub ötə bilməzlər. Hə, burda da haqlı idin, onlar səndən qorxurdular. Sən onların zəif cəhətlərini bilirdin, onlar isə yox. Sən özünün kəşf etdiyin yeni, ideal mənəviyyat məcəllənlə yaşayırdın. Bəli, bu, çox ədalətli və ideal məcəllə idi. Amma sən bunu ətrafına zorla və çox uğurla sırıyırdın.
- Sırıyırdım?
- Əlbəttə, sırıyırdın. Ona görə ki, sən güclü idin. Bu güc sənin gözlərini bağlamışdı. Hər şeydə həmişə bir, hətta bir neçə mərhələ yuxarıda idin. Gördüyün yuxular da hər şeyi olduğu kimi yox, necə olmalı olduğunu göstərirdi - düzü əyri, hamarı kələ-kötür. Bir ətrafına bax, bunlar həmən usaqlardır, həmən o günaha batmış uşaqlar… Sən onların gözlərinə baxma, qaşlarına bax, daha dəqiqi, qaşlarının arasına, onda onları tanıyacaqsan. Bu sifətlər səni uşaqlıqdan üzü bəri həmişə təqib edib. Sən onlardan həmişə qurtulmaq istəmisən, amma bu, heç də asan olmayıb. İndi isə hər qapını açdıqda, sən o sifətləri görürsən. Bilirsən ki, bu, sənin millətinin yeni sifəti olacaq? Nə qədər qışqırsan da, heç kim səni eşitməyəcək. Bütün dünya sənin millətini, sən də daxil olmaqla, bu sifətdə görəcək. Bu ətrafındakı şimal küləyindən sifətləri ağarmış insanlar həmən o uşaqlardır, onlar yavaş-yavaş böyüyüblər və anlamağa başlayıblar ki, meydan onlarındır, daha sənə ehtiyacları yoxdur, onlar daha səndən qorxmurlar, özlərini sənə bənzətməkdən utanmırlar. Axı kimdən utanmalıdırlar? Özünəbənzərlərdənmi? Onların öz aralarında öz mənəviyyat məcəllələri var - üç ölçülü dünyanın qanunları. Sən isə öz dördölçülü məkanında, bu sabun köpüyünün içərisində, ideal mənəviyyat məcəllənlə baş-başa qalıb öz piramidanı, kart evini qurursan. Bilirsən, niyə belə oldu? Ona görə ki, hər dəfə insanlarla görüşəndə, onların üzündən yox, alnından öpmək lazım idi, belədə onların hərarətini daha dəqiq təyin etmək olardı, özunəbənzərləri daha tez tapardın, çoxluğun nə qədər soyuq və cansız olduğunu bilərdin. Bu məkanda tək yaşamağın nə mənası?
Oğlan əlləri ilə başını sıxıb, bir neçə saniyə beləcə oturduqdan sonra Zərdüştün üzünə baxmadan dedi:
- Hə, qoca, mən indi səni tanıdım. İndi sən mənə deyəcəksən ki, get, bu sifətlərdən birdəfəlik qurtul. Axı bunlardan mənə nə? Bir də ki mən təkbaşına heç nə edə bilmərəm, mənə bənzərlər artıq tükəniblər, mən tək və təkrarolunmazam. Axı bunlardan nəyin xatirinə qurtulmalıyam? Kütləninmi? Məgər o, buna layiqdirmi? Əgər budursa mənim həyatımın mənası, bu, çox cılız bir mənadır. Mən kütlədən həmişə yan keçmişəm. Mən öz dinc, toxunulmaz həyatımı yaşamaq istəyirəm, mənim böyük bir pauzaya ehtiyacım var.
- Sənin həyatında artıq bir pauza olub, kiçik bir pauza. Bu, çox təhlükəli bir pauza idi, bundan sonra sən gözünü açdın və gördün ki, artıq o zamanda və o məkanda deyilsən. Səninçün vaxt dayanmışdı, sən onu özün dayandırmışdın. Zaman sənin üçün sadəcə, bir ölçü idi. Onunla yaşamaq lazım deyildi, oğul, onu sadəcə, hiss etməyin kifayət edərdi. Yaxşısı budur tüpürəydin ona, sənin yaşadığın məkanın üç ölçüsü olmalıdır, qoy bədəninin hərarəti də bir dərəcə aşağı düşsün, hamınınkı kimi olsun. Onda sən bu tikanlı və kələ-kötür yuxulardan azad olub, hər şeyi olduğu kimi görəcəksən. Daha hər səhər yarı yuxulu vəziyyətdə yeni həyatın başlandığını, keçmişə, öz gücünə qayıtdığını ani olaraq da hiss etməyəcəksən və pəncərədən baxıb heç nəyin dəyişmədiyini gördükdə məyus olmayacaqsan. Haqlısan, indi böyük, çox böyük bir pauzaya ehtiyacın var. Bu, həmən o qorxulu pauza deyil. Hər şeyi götür-qoy etmək, hər şeyə yenidən baxmaq üçün. O, özü gələcək, göydən düşmüş kimi - sənin xeyrinə, onlarınsa ziyanına işləyən zaman kəsiyi. Bu şansı əldən vermə. Saman çöpünə ehtiyacı olanlar qoy boğulsunlar! Sonra isə dur və get: üzünü tut cənuba, kütləyə. Böyüklərin əlini sıx, uşaqlarınsa alnından öp. Sən onları dərhal tanıyacaqsan, onların alınları isti və kələ-kötür, sifətləri isə cənub küləyinin təsirindən qaralmış olacaq. Onlar sənə bənzərlərin sonuncu nəslidir. Çıxar onları ordan və onların sifətlərinə bir də bax! Qoy sənin millətinin yeni sifəti bu cür olsun: kobud, amma mərhəmətli…

Комментариев нет:

Отправить комментарий