понедельник, 1 марта 2010 г.

BOMOND

BOMOND

Bu, metafora deyil

Bu gün hamı buradadır, - yazıçılar şairlər, filosoflar, aktyorlar rejissorlar bəstəkarlar, siyasətçilər, kommunistlər, anarxistlər, demokratlar, degeneratlar. Axırıncılar radiasiyaya yoluxmayıblar, onlar ruhən belədirlər, amma, hər halda bu degenerasiya onların fizianomiyalarında da özünü çox kəskin surətdə biruzə verib. Buradakı insanlar yeni ideya axtarışındadırlar, bu boşluğu hər kəs öz "ideyası" ilə doldurmağa çalışır. Bu yığıncağın təşkilatçısının və eyni zamanda aparıcısının isə öz məqsədi var. Təsəvvür edək ki, o, Bulqakovun çox məşhur bir qəhrəmanıdır.


Tədbir başlayır, pərdə arxasından aparıcının səsi gəlir:
- Bu gün yeni liderlərin təqdimat mərasimidir. Burada toplaşan gənclərə öz liderini seçmək imkanı veriləcək. İndi sizə təqdim olunacaq insanlar bizim cəmiyyətin alternativsiz qaymaqlarıdır. Buyurun qarşılayın!
Sonra aparıcı səhnə arxasına keçib boyu 150 santimetrdən çox olmayan, yaşı əllini keçmiş bir kişiyə öz təlimatlarını verir.
- Bu insanlar qeyri-adiliyi xoşlayırlar, onları təəccübləndir, ələ al. Başına beret qoy, bığlarının ucunu da yuxarı bur, - deyib, ona bir fırça və kiçik bir vedrədə tünd qırmızı rəngli boyaya oxşar bir maye verib səhnəyə yola salır.
Səhnəyə böyük bir kətan tablo enir, onun qarşısında dayanan "rəssam" zala müraciət edir:
- Mən Salvador Daliyəm! İndi burada, bu tabloda iki saatdan sonra bu fırça və bu rənglə dünyanın ən məşhur şedevrini yaradacağam!
Zaldan etiraz səsləri gəlir:
- Sən heç iki yox, iki min saatdan da sonra heç nə yarada bilməzsən. Bunun üçün kifayət gədər sərbəst deyilsən, bir də ki, sənin əlindəki boya ancaq mənasız dörbucağa bəs edər.
- Cəhənnəm ol!
- İtil!
- Sən bizi aldada bilməzsən!
Fit və etiraz səsləri zalı bürüyür. Aparıcının səsi kütləni sakitləşdirir:
- Mənim əzizlərim, tələsik qərar çıxarmayın. Buyurun dünyanın ən istedadlı rejissorunu qarşılayın!
Səhnəyə orta boylu, kök, cavan oğlan çıxır, mikrafona yaxınlaşır və Oskar mükafatı alırmış kimi pozada dayanır:
- Bilirsiniz ki, mən bu yaxınlarda yeni bir film çəkmişəm. Onun təkcə adı görün, sizə nələri deyir: "Bir mərtəbəli evin zirzəmisi". Mən Hollivuddakı axmaqların yerinə olsaydım, bu filmə 13 "Oskar"ı birdən verərdim.
- Bəs niyə 11 yox, məhz 13? - deyə zaldakı gənclərdən biri soruşur.
- Çünki 11 nəhs rəqəmdir, o, "Titanik"ə düşmədi.
- Bəs sənin adın nədir? - deyə digər bir gənc soruşur.
- Federiko Fellini!
- Onda bizə de görək, o bədbəxt özünü və uşaqlarını nə üçün güllə ilə vurdu, hə!?
"Rejissor" fikirləşməyə başlayır, zalı yenə etiraz və fit səsləri bürüyür. Aparıcı bu nömrənin də baş tutmadığını görüb yenidən zala müraciət edir:
-Siz tamamilə haqlısınız, bu qabiliyyətsizdən lider çıxmaz, indi mən sizə yeni peyğəmbərinizi göndərəcəyəm.
Səhnə arxasında aparıcı "peyğəmbərə" qırmızı üzlü bir kitab uzadaraq, ona səhnəyə qalxmağı əmr edir:
- Çıxarsan və deyərsən ki, bu, sizin yeni müqəddəs kitabınızdır...
- Axı bu, "Qırmızı müdriklərin protokolları"dır -, deyə "peyğəmbər" etiraz edir.
Aparıcı qəzəblənir:
- Boş-boş danışma, bunun nə fərqi var ki… kitab kitabdır!
- Bəs birdən sual versələr, onda necə olsun?
- Narahat olma, mən suflyorun yerində olacağam -, deyə aparıcı cavab verir.
"Peyğəmbər" əlində kitab, sol qolunun üstündə qartal, boğazında isə ilan səhnəyə çıxır və deyir:
- Mənim adım Zərdüştdür. Bu əlimdəki kitab sizin yeni müqəddəs kitabınızdır, boynumdaki ilan müdriklik, qolumun üstündəki qartal isə cəsarət rəmzidir. Siz bilirsiniz ki, Allah ölüb. Onu kimin öldürdüyü, sizin üçün yenicə nazil olmuş bu yeni müqəddəs kitabda yazılıb. Onu sionistlər öldürüb, biz onlara qarşı amansız mübarizə aparmalıyıq, onların hamısını məhv etməliyik, onların dövlətini, şəhərlərini yer üzündən silməliyik. Bizim bütün bəlalarımızın səbəbkarı onlardır. Əgər məni özünüzə lider seçsəniz, söz verirəm ki, onlar üçün ikinci xalakost təşkil edəcəyəm.
- Sən düz demirsən. Allahın necə öldüyünü biz yaxşı bilirik. Əgər sən həqiqətən də Zərdüştsənsə, onda de görək, sən o qoca arvada qadınlar haqda nə demişdin, - deyə gənc bir qız soruşur.
Yalançı peyğəmbər çaşır, suflyora sarı əyilərək pıçıldayır:
- Messir, Zərdüşt qadınlar haqda nə demişdi?
- Mən nə bilim? Həmin axmaq arvad o qədər qoca idi ki, Zərdüştün dediklərini dərhal unutdu, mən heç nə öyrənə bilmədim. Hələ ki gec deyil, səhnədən get, yoxsa məni də ifşa edəcəksən.
Zalda yenə hay-küy qopur. Aparıcı yenə kütləni sakitləşdirir:
- Narahatçılığa əsas yoxdur, mənim əzizlərim, indi mən sizə dünyanın ən məşhur inqilabçısını təqdim edəcəyəm!
Səhnə arxasında aparıcı gənc bir oğlanı yanına çağırıb deyir:
- Al bu bereti qoy başına, bu da sənin Kuba siqarın, çıx səhnəyə və onları sakitləşdir.
Cavan oğlan:
- Axı, Messir, mən bu kütlənin qarşısına çıxsam, çox həyəcanlanacağam və heç nə edə bilməyəcəyəm? - deyə qorxa-qorxa dillənir.
Aparıcı bərk qəzəblənir:
- Sən nə vaxt adam olacaqsan? Azazello, bu axmağa 200 qram araq süz, qoy zəhərlənsin.
Azazello dərhal əlində bir stəkan araqla oğlanın qarşısında peyda olur. Cavan oğlan stəkanı birnəfəsə başına çəkib, Azazellonun odlu kürən saçlarını iylədikdən sonra, sağ yumruğunu yuxarı qaldıraraq səhnəyə çıxır.
- Ey mübariz gənclik, siz bilirsiniz ki, mənim adım dünyanın ən məşhur inqilabçıları ilə bir cərgədə çəkilir. Mən təcrübəli bir inqilabçı kimi sizi əmin etmək istəyirəm ki, artıq inqilabın əsas şərti olan ayın 13-ü, cümə günü və dolu Ay bu il üst-üstə düşəcək. Və məhz bu gün mən ölkədə kürən inqilabı edəcəyəm.
Zal yenə etiraz etməyə başlayır:
- Bu necə inqilabdır ki, haqqında hamı artıq bilir? Sənin bu inqilabı etməyin lap bir rus cizgi filmindəki italyansayağı oğurluğa bənzəyir. Bilirsən də, orada Marçellonun bank yaradacağını bütün şəhər bilir, sonda borclarını payladıqdan sonra yenə də cibi boş qalır.
Zalı gülüşmə səsləri bürüyür.
- Bəs sənin adın nədir, inqilabçı? - deyə kimsə soruşur.
- Çe Qevara!
- Nə Qevara?
- Çe.
- Nə? Çe? Bu ki erməni dilində "yox" deməkdir! Daş- qalaq edin bu əclafı, o, satqındır!
Bunu deyib zaldakılar inqilabçının başına müxtəlif əşyalar yağdırmağa başlayır. Qızlardan biri dikdaban ayaqqabısını çıxarıb snayper dəqiqliyi ilə "Çe Qevaranın" başını vurub qanadır. O, daha ağır xəsarət alacağından qorxaraq səhnədən qaçır. Səhnə arxasında aparıcı qəzəblə uzun quyruğunu "Çe Qevaranın" boğazına dolayıb, oxa bənzər ucunu isə azacıq onun xırtdəyinə sancır və qışqırır:
- Azazello! Gəl bu alkaqoliki apar at zindana, bəlkə altı-yeddi ildən sonra ağlı başına gələ, özü də siyasi məhbus elan edərsən bunu, zindandan çıxarıb yeni siyasi lider kimi təqdim edərik, bəlkə onda ona daha çox inanarlar.
Aparıcı narahat olmağa başlayır:
- Bir çıxış yolu olmalıdır axı. Bu gəncləri nə ilə isə maraqlandırmaq deyəsən, çox çətin olacaq.
O üzünü Marqaritaya tutub deyir:
- Bəlkə sən onlara striptiz göstərəsən?
- Messir, axı mən bunu bacarmıram, - deyə Marqarita cavab verir.
- Mən nə deyirəm onu da et, soyunmağı ki bacarırsan, çıx səhnəyə, onların başını bir az da olsa qat, mən ona kimi bir şey fikirləşərəm.
Marqarita başına kavboy şlyapası, ayaqlarına qırmızı rəngli dikdaban uzun çəkmələr, gödək cins şort geyir və dama-dama köynəyinin uclarını düyüb səhnəyə çıxır. Coy Kokkerin müvafiq musiqisi səslənir və səhnənin ortasında paslanmayan poladdan hazırlanmış boru peyda olur. Marqarita bir əli ilə bu borudan yapışıb onun ətrafına bir neçə biçimsiz dövrə vurduqdan sonra, arxasını zala çevirib, üzərində böyük rəqəmlərlə "69" yazılmış şortu yavaş- yavaş aşağı salmağa başlayır. Zalı yenə də fit və etiraz səsləri bürüyür:
- Sonrasını göstərməyə də bilərsən, mən Moskvada oxuyanda sənin o göstərmək istədiyini unitazdan da çox görmüşəm, - deyə eynəkli bir oğlan ucadan qışqırır. Zala sükut çökür, hamı, xüsusən də ətrafdakı qızlar təəccüblə utancaq kimi tanıdıqları bu oğlana baxırlar. Deyəsən, heç kim ondan bu sözləri gözləmirdi. Bir neçə saniyədən sonra yenidən zalda səs-küy bərpa olur:
- İndi sənin üçün 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli deyil ki, müsəlman kişilərinin başını Kan-Kanla aldadıb varını-yoxunu əlindən alasan!
- Sən bizə lazım deyilsən!
- Cəhənnəm ol səhnədən!
- Biz yenilik istəyirik, bizə yeni ideya verin, yeni lider verin, yoxsa çıxıb gedirik!
Pərdə arxasında, aparıcı var-gəl etməyə başlayır. Onun başına toplaşanlardan biri təklif edir:
- Messir, bəlkə siz özünüz səhnəyə çıxasınız?
- Əla fikirdir! Əgər bu zəhrimara qalmış quyruğumu şalvarın içinə salsam, kürən saqqalımı qırxsam, başıma da papaq qoysam ki, buynuzlarım görünməsin, onda nəyə görə də çıxmayım? - deyərək, aparıcı çoxmənalı baxışlarla hamını süzür.
- Əla, Messir! Siz dahisiniz! - deyərək, hamı əl çalmağa başlayır.
Aparıcı qəzəblə onların üstünə bağırır:
- Susun, axmaqlar, heç fikirləşmədiniz ki, mən bu qarmağa oxşayan burnumu hara gizlədəcəyəm, həə?! Bunu görən kimi, məni tanımayacaqlar?! Bilməyəcəklər ki, bütün bu oyunların arxasında mən dururam?!
Aparıcı bir az fikirləşdikdın sonra davam edir:
- Onların başı çıxmayan yalnız bir iş var, qoy kəndirbazla fakir, hərəsi başlarına bir əndrabadi papaq qoyub çıxsınlar səhnəyə və öz məharətlərini göstərsinlər. Bizim son ümid yerimiz onlardır.
Kəndirbazla fakir səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra zalı alqış səsləri bürüyür. Pərdə arxasındakılar da bu alqışlara qoşulurlar:
- Təbriklər, Messir!
- Messir, siz həqiqətən də dahisiniz!
Amma aparıcı heç də bu alqışlara sevinmirdi. O, üzünü onu alqışlayanlara tərəf tutub deyir:
- Bəli, biz bu gün onları bu "kosa-kosa" oyunu ilə aldada bildik, ancaq bu, müvəqqəti qələbədir. Çünki mən onların arasında bir varlıq görürəm. O, canlı deyil, amma yaşamağa böyük haqqı var. O, nə az olur, nə də çox. O, nisbi deyil, o, mütləqdir, dəqiqdir və mükəmməldir. O, ya var, ya da ki, heç yoxdur. Onun üçün ətraf mühit vacib deyil. O, həm özüdür, həm də ətrafı. O, hər yerdə və hər situasiyada özünə yol tapandır. Təmkinlidir. Həmişə qalibdir. O, özünüdərkin ən vaçib şərtidir. O mənim və sizlərin ən qatı düşmənidir.
- Axı o nədir elə, Messir? - deyə, hamı soruşur.
- O, zati-aliləri İstedaddır!

Комментариев нет:

Отправить комментарий