понедельник, 1 марта 2010 г.

Patriotşina

Rasim İlyasov
Patriotşina


Və ya niyə bizim cəmiyyət özünü xilas etmək istəmir, xilas olunmaq istəyir?

90-cı illərin ortalarında, Rusiyanın əyalət teatrlarından birində "Tanqeyzer"in premyerasına baxdım. Eyvandakı yerimi çox çətinliklə tapdım, iynə atsan yerə düşməzdi. Əmin idim ki, bu insanların əksər hissəsi Vaqnerə qulaq asmaq üçün yox, yalnız bu tamaşaya şahidlik etmək xatirinə bura toplaşmışdılar. Kütləvilik təmin olunmuşdu. Yeni ideya axtarışında olan keçmiş kommunist ideologiyasının hələ də gözləri tam açılmamış daşıyıcıları üçün uzun illər qadağan olunduğuna görə (yalnız və yalnız buna görə!) qeyri-adi və mistik görünən müəllif, bütün bunları görsəydi, yəqin ki sevinərdi, çünki indi də kütlə əsridir. Yarımmüasir quruluşlu uvertüra daha çox erotik şouya bənzəyirdi - ancaq gözəl balerinaların ifasında. Musiqi isə çox darıxdırıcı idi (sözsüz ki, bunu "heyrətamiz uçuş" barədə deməzdim). Nəhayət, həmən o trivial kilsə zəngi çalındı və məni daha çox tamaşa deyil, küçədə saxladığım köhnə avtomobilim narahat etməyə başladı.
Nitsşe ədalətli filosof idi - heç bir mövhumat yox, ancaq fəlsəfə! O, bununla çoxlarına toxunurdu, məhz buna görə onun özü "xeyir və şərin" o biri üzündə qaldı. Hətta özünü filosof adlandıran ən ağıllılar (filosofosterlər - Nitsşe onları bu cür adlandırırdı; almancadan çevirmədə filosofster "fəlsəfə boşboğazı" deməkdir) belə, onun "Allah yoxdur, Allah ölüb" sözlərini hərfi mənada başa düşürdülər (Kantı başa düşdükləri kimi). O, bütöv bir nəsli mayalandırdı, ancaq çoxları ondan üz döndərdi, həyat tərzləri, varlıqları onun fikirləri ilə üst-üstə düşmədi. Kim idi bu üz döndərənlər? Ədəbiyyatçılar arasındakı ideya oğruları - indiyə qədər mövcud olmuş ən təhlükəli oğrular; "azad zəkaların" yan-yörəsində sığına-sığına fikir ovuna çıxmış, oğurladıqlarını yalnız kütləyə təhrif olunmuş, primitiv bir şəkildə özününkü kimi təqdim edən, ən murdar oğrular (belələri indi hər yerdə və hər sahədə dəbdədirlər)
Nitsşe üçün "tanrının ölümü" sözsüz ki, dini məsələ deyildi, çünki o elmə fəlsəfədən, fəlsəfəyə elmdən gəlmişdi: "Kimin ki, damarlarından teoloq qanı axır, onun heç vaxt, heç bir şeyə düzgün və ədalətli münasibəti ola bilməz. Onlar öz şəxsi dünyagörüşünü "yaradan", "əbədiyyət" və "xilas" kimi terminlərlə bəzəyərək, başqa bir nəyinsə dəyər olmaq iddiasına imkan vermirlər". Nitsşe öz "Antixrist"ində istənilən dinə öz münasibətini bildirib. Onun Aliinsani çoxlarının başa düşdüyü kimi, faşistlərin "yarıminsan"ın (ruscada "nedoçelovek") əksi deyildi. Bu idrak təkamülünün sondan ikinci pilləsi olmalı idi. Nitsşe "Antixrist"də yazırdı: "Bu kitab çox az sayda insanlara məxsusdur. Ola bilsin ki, onlar hələ doğulmayıblar da, çünki onlar ancaq mənim "zərdüşt"ümü başa düşənlər ola bilərlər - mənim qabaqcadan məlum olan oxucularım".
İndi biz qəzet səhifələrində, yaxud telekanallarda söz oyunundan başqa bir şey olmayan, zəhlətökən yazılara və verilişlərə tez-tez rast gəlirik. Hamı yeri gəldi-gəlmədi "tanrının ölümündən" danışır. Axı bu cür şeylər kütlə üçün deyil, ona görə də bu sualları qətiyyən sizlər verməli deyilsiniz. "Tanrıya inanmaq üçün həyatın mənası haqqında sualı (!) başa düşmək lazımdır", - bunu dahi Vithenşteyn deyib. Yəqin ki, bu suala cavab axtarmaq üçün (sözsüz ki, tapmaq üçün yox) biz onun ölümünə də inanmalıyıq.
Əvvəlcə doğul, sonra dərk et, daha sonra isə fəlsəfəni bir fənn kimi öyrən, hərçənd ki, axırıncısı bir o qədər də vacib deyil - Nitsşe yəqin belə deyərdi. Bu cür ortodoksal bir təfəkkürlə (hətta xarici görünüşləri ilə də - ola bilsin ki, bunun bir o qədər də əhəmiyyəti yoxdur, amma hər halda...) dəyərləri baş-ayaq qoymaqla, yeni ideyalar yaranmır.
Burada "şirin həyatın" qəhrəmanlarından birinin məşhur "sən primitivsən" deyimi yada düşür. Cavab bəllidir: "Mənim beş uşağım var, budur mənim fəlsəfəm". Narahat olmağa dəyməz, indi heç kim nə özünü, nə də ki öz uşaqlarını güllə ilə vurmayacaq, nə qədər mənasız həyat yaşansa da belə. Cəmiyyət də bunu başa duşməz axı! Cəmiyyətmi? "Bazar meydanında kəndirbazın ətrafına yığışmış", iki körpənin dalınca qaçaraq, hansısa bir "müqəddəsin" gələcəyinə, onları xilas edəcəyinə, xəstələri sağaldacağına, sevgililərini qaytaracağına ümid edən avam kütləmi? Hə, tez qaçın, yoxsa müqəddəs ağacın budaqlarından sizə çatmayacaq. Eh, Fellini, Fellini! O vaxdan hələ də heç nə yaxşılığa doğru dəyişməyib.
Bu cəmiyyət özünü xilas etmək istəmir, xilas olunmaq istəyir. Vaqnerin əfsanələrində olduğu kimi - orada həmişə kimsə, kimi isə xilas edir. Zəif insanlar həmişə xilas olunmaq istəyirlər, bəziləri xilaskar qismində hətta qadınları belə görürlər, elə buna görə də həyatlarının çox hissəsi onları öyrənməklə keçir. Azad olmayan bir şey həmişə maraq doğurur. Onlara azadlıq vermək lazımdır, o qədər ki, tədqiqat obyekti olmasınlar, onda bəlkə kişilərin dərkə və şücaətə daha çox vaxtları qalsın.
Məğlub, əzilmiş və kasıb olmaq guya bu insanları möminləşdirir, lap Nitsşenin xristianları kimi. Bizdə bu "möminlik" bəzən vətənpərvərlik adlandırılır. Bəli, dəyərlər dəyişməlidir (bunun üçün köhnəni baş-ayaq qoyub, təzə kimi təqdim etmək lazım deyil), və bunu kimlər etməlidir? - işə yaramayan, çox az kişilik və cəsarət əlamətləri olan ( həm daxili, həm də xarici) boş intellektuallarmı? Onların hər birinin öz səthi "nə üçün?"ü var, bununla belə, heç də hər birinin "necə?"si yoxdur. Bəs kimsə hər hansı bir "necə?"yə dözə bilərmi?
Məhz cəmiyyətin böhran keçirdiyi vaxtlarda bizim həyatımıza müxtəlif psevdoelmi teoriyalar və cərəyanlar daxil olmağa başlayır. İnsanlar elmə deyil, daha çox möcüzəyə inanırlar. "Nuh əyyamından qalma qıcqırmış hisslərə" qapılaraq, gah teoloqların, gah da postmodernizm kimi saxta elmlərin (rasional düşüncə qabiliyyəti olmayanlar və bu cür doğulmayanlar üçün sığınacaqlar desək, daha doğru olar) arxasınca qaçırlar. Çünki bu işdə əl altında hər nə varsa yararlıdır, təki kütlə qısamüddətli terapevtik yardım alsın, amma sağalmasın. Bunu demək artıqdır ki, məhz bu kimi yalançı ideologiyaların siyasi hakimiyyətlə birləşməsi faşizm, bolşevizm və dini fanatizm kimi eybəcərliklərin yaranmasına gətirib çıxarır. Elm həm maddi və xüsusən mənəvi cəhətdən cəlbedici olmadıqda, "inam" sözü elmin və idrakın gücünə inam kimi başa düşülmədikdə, kütlə cılızlaşmış varlığına sığınacaq tapdığı, maddiyyatın mənəviyyatı üstələdiyi öz yeni "həyat fəlsəfəsini" yaradır.
Hə, cənablar, gəlin elmə, idraka və Xeyirə qayıdaq - vacib deyil ki, bu məhz "avropaizm" olsun!..

Комментариев нет:

Отправить комментарий