понедельник, 1 марта 2010 г.

Bir qədər ekzistensiya


Fəlsəfi terminalogiyadan geninə-boluna istifadə etməyi fəlsəfəni araşdıranlar daha çox xoşlayır. Standart təhsil almış (bu, hətta ən məşhur universitet olsa da belə) istənilən bir kəslə qısa söhbətdən sonra bu qənaətə gəlmək olar. Amma elə başa düşülməsin ki, mən onların bu lazımlı işini layiqincə qiymətləndirmirəm. Doqmaçılarin əksəriyyəti də onların arasındadır, buna da münasibətim pis deyil. Ən pisi bənzətmələrdir, özünü Vaqnerə bənzədərək, əlinə qələm alıb, fəlsəfədən yazan modern bəstəkarlar kimi.
Əgər təbiət hər hansı bir kəsdən istedadı əsirgəməyibsə, deməli, onun üzərinə böyük məsuliyyət qoyub. Onun asan, yüngül və ya ağır yol seçəcəyi artıq vicdan məsələsidir. Seçilmiş insanlar öz istedadlarını son həddə çalışmaqla öz sahibinə qaytarmağa borcludur, burada xəsisliyə və hiyləyə yer ola bilməz. Fəlsəfəyə münasibətdə ədalətli olmaq, bax elə bu deməkdir.
Öz kimliyini və nəyə qadir olduğunu dərk edən azad fikirlərin nəyi seçəcəyi daha maraqlıdır. Burada artıq seçim sözünün belə meydana çıxması, təmbəllik və zəiflik əlamətidir. Öz şəxsi dünyagörüşünü fəlsəfə kimi təqdim etmək, keçid dövrünün, kataklizmlərin təsirindən hər şeyin sonu çatdığını deyərək, yanlış fəlsəfə yaratmaq; bir sözlə inert olmaq - bunlar da zəiflik əlamətidir. Lakin bu tənbəllik və zəiflikdən qurtulmaq qəbul olunandır. Əgər nə üzün varsa, "necələr" bəhanə olmamalıdır. Sadəcə, ispanların dili ilə desək, "öküzün buynuzundan yapışıb" məsələni həll etmək lazımdır. Bu işin ən çətinidir. Bizdən bu tələb olunur. Ədəbiyyat üzrə Nobel mükafatı almaq və ömrünün son illərini Soqne fiordunun sahilində keçirib, işi bitmiş hesab etmək və yaxud "onlara deyin mən çox maraqlı və xoşbəxt ömür sürdüm" deyərək dünyanı tərk etmək, bu azərbaycanı üçün işin ən asanı olardı. Əgər kim isə "mükafatlar" barədə düşünürsə, onlara indi heç də həmişə istedada görə mükafat vermirlər, son zamanlar bu hətta İsveç Krallığında da belədir. Bizdə isə mükafatların (ucuz mükafatların) nəyə görə paylanması barədə heç danışmağa dəyməz.
Hə, biz öz qınımıza çəkilib öz qanunlarımızla da yaşaya bilərik, (formallıqlara və yaxud qaydalara etina etməmək şərti ilə - lakin bu laqeydliyə gətirib çıxaracaq ki, işgüzar adam üçün heç də yaxşı əlamət deyil) amma bu qala sona qədər yorğa qurbağa kimi yeriyənlərin mühasirəsində qalacaq. Onların əhatəsində Qanq çayının sürətlə axması çox çətindir (qanqasrotoqati - yenə də ədalətli avropalıdı).
Köhnə dəyərlər öz aktuallığını sözsüz ki, itirib, yenilər isə öz yerini hələ bərkitməyib ( əslinə qalsa yeni dəyərlər, unudulmur köhnə də ola bilər). Biz köhnə dəyərlərə qarşı çıxaraq, yenisini yaratmalıyıq. Belə bir boşluqda rasional seçim etmək çox çətin və ağır olur. Bəziləri bu çətinlikləri dərk edərək, asana, nə isə olmayan yeni bir şeyi, uzaq "yenini" axtarmağa üstünlük verir. Bu bəraətsiz sığınacaq axtarışıdır. Ən saf dəyərlər bizim əlimizin lap altındadır, barmaqları yumub onları götürmək lazımdır.
Uğursuzluqları böyük miqyasda deyil, xırdalıqlarda axtarmaq, keçid insanının xüsusiyyətidir. Onlar hərarətdən əziyyət çəkən ağır xəstəyə bənzəyir, dərman qəbul olunur, hərarət düşür, qan dövranı yaxşılaşır. Bu çox uzun çəkmir, sanki xəstəlik sağalmır, onun simptomları müvəqqəti olaraq yoxa çıxır. Biz də bunun kimi, xəstə cəmiyyətimizin simptomlarını ört-basdır etməkdən başqa əlimizdən heç nə gəlmir, sanki fərdlərimiz də özlərinə münasibətdə belədir.
Bu gün bizə nə lazımdırsa hamılıqla biz onu edirik, sabahınsa öz işləri var, "mən öz işimi görürəm" deyil, "hər kəs bir işi görür" olmalıdır. Ancaq azad cəmiyyətdə hər kəs öz işini görə bilər, bizdə isə, hər kəsin bir işi var: bu cəmiyyəti dəyişmək. Qalan nə varsa, bəhanələrdir. Əlbəttə ki, məqsəd və qaydalardan imtina, çox böyük mövzular və imkanlar açır. Hər şeyə toxunub, hər şey barədə yazmaq. Əgər gördüklərimizi gözəl təsvir etməyi bacarırıqsa və bir də bir neçə oğurluq traktat, sizə ən yüksək mükafat almağa zəmanət verəcək. Amma indi yox, indi bizi başqa şeylər gözləyir. Dinc filosof olmayın!

Комментариев нет:

Отправить комментарий